ABŞ-ın “Exxon Mobil” neft şirkəti ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları səbəbindən “Rosneft” şirkəti ilə birgə layihələrindən çıxmaq qərarına gəlib.
“APA-Economics”in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, şirkətin ABŞ-ın qiymətli kağızlar üzrə komissiyasına göndərilmiş illik hesabatında deyilir ki, 2013 və 2014-cü illərdə “Exxon Mobil” və “Rosneft” geoloji kəşfiyyat və elmi-tədqiqat işləri aparmaq üçün müxtəlif strukturlar yaradıblar. Sonradan, 2014-cü ildə Avropa İttifaqı və ABŞ Rusiya enerji sektoruna qarşı sanksiyalar irəli sürüb, 2017-ci ilin ikinci yarısında isə ABŞ Rusiyaya qarşı sanksiyaları kodlaşdırıb və genişləndirib.
“Korporasiyanın yuxarıda qeyd etdiyi kimi, korporasiya və onun nümayəndələri tətbiq olunan bütün qanunlara, qaydalara riayət etməyə davam edir. 2017-ci ilin sonunda korporasiya bu birgə müəssisələrdən çıxmaq qərarına gəlib. Korporasiya gözləyir ki, rəsmi olaraq bu çıxış 2018-ci ildə başlayacaq”, deyə sənəddə deyilir.
Şirkət belə bir qərarın qəbul edilməsindən itkilərin 250 milyon dollar olacağı kimi qiymətləndirir.
Qeyd edək ki, 2014-cü ildən başlayaraq Qərb ölkələri mərhələli şəkildə rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıblar. Bu səbəb Ukraynadakı vəziyyət və Krımın Rusiyaya birləşdirilməsi olub. Bu məhdudiyyətlərə o cümlədən “Tosneft” şirkəti də düşüb.