Bank Of Baku

“Şahdəniz-2” üçün inşa olunan platformanın üst tikililəri dənizə yola salınıb

“Şahdəniz-2” üçün inşa olunan platformanın üst tikililəri dənizə yola salınıb
# 01 iyun 2017 08:56 (UTC +04:00)

“Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimi olub.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz əvvəlcə dövlətimizin başçısına “Şahdəniz Mərhələ 2” və “Cənub Qaz Dəhlizi” layihələri ilə bağlı görülən işlər barədə məlumat veriblər.

 

Prezident İlham Əliyevə məlumat verilib ki, dənizə yola salınacaq yaşayış blokları və texnoloji təchizat (YBTT) platformasının üst modullarının tikintisi nəzərdə tutulan qrafikdən tez yekunlaşıb. Üst tikililərin quraşdırılması tamamlandıqdan sonra STB-1 barjına yüklənərək dənizə yola salınmağa hazırlıq məqsədilə bu il mayın 8-də tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılıb. Yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi və quraşdırılması işləri diqqətlə planlaşdırılıb və bu işlərin 5 gün ərzində yekunlaşması nəzərdə tutulur. Üst tikililər artıq öz yerində - suyun 94 metr dərinliyində olan dayaq blokunun üzərinə quraşdırılacaq. Üst tikililərinin çəkisi təxminən 12400 ton təşkil edir. Obyektin uzunluğu 100, eni isə 60 metrdir. Bu konstruksiya 100 nəfərlik yaşayış blokundan, ümumi gücü 60 MVt olan dörd əsas elektrik generatorundan ibarətdir. Platformanın yaşayış blokunda işçilərin istirahəti üçün otaqlar, ofis otaqları, idman zalı yaradılıb. Burada neftçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün hərtərəfli şərait var.

 

AMEK-Tekfen-Azfen konsorsiumu tərəfindən inşa edilən yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililəri Azfen tikinti-quraşdırma sahəsində yerli infrastrukturdan və obyektlərdən istifadə etməklə bütövlüklə ölkə daxilində tikilib. Bu konstruksiyanın tikinti işlərinə 5 min nəfərdən çox işçi cəlb edilib. İşçi qüvvəsinin təxminən 90 faizi Azərbaycan vətəndaşları olub. Birinci platformanın üst tikililərinin dənizə yola salınması nəhəng “Şahdəniz 2” layihəsinin uğurla, təhlükəsiz, büdcədən xeyli az vəsait xərcləməklə və qrafikə uyğun başa çatdırılması istiqamətində mühüm bir hadisədir. Xəzərdə ən böyük və ən müasir konstruksiyalardan biri olan bu üst tikililər çox yüksək texniki təhlükəsizlik göstəriciləri ilə inşa edilib.

 

Prezident İlham Əliyev platforma ilə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR