Bakı. Aynur Əliyeva - APA-Economics. Ölkənin sənaye potensialı və yeni yaradılan müəssisələrlə tanışlıq məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi “Sənaye ili” çərçivəsində KİV nümayəndələrinin sənaye müəssisələrinə səfərlərini təşkil edir.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, növbəti belə məlumat turu bu gün Bakının Xəzər və Suraxanı rayonlarının ərazisində yerləşən müəssisələrə təşkil edilib.
Media nümayəndələri əvvəlcə “Titan Grup” Sənaye Şirkətlər Birliyində olublar. Burada onlara məlumat verilib ki, şirkət 1990-cı ildən ticarət və sənaye soyuducu avadanlıqlarının istehsalçısı kimi fəaliyyətə başlanıb.
1996-cı ildən “Titan Grup” Sənaye Şirkətlər Birliyi restoran və ictimai-iaşə müəssisələri üçün mətbəx avadanlığı, sənaye tipli isidici və soyuducu avadanlıqların, 2000-ci ildən isə iri həcmli soyuducu və dondurucu kameraların layihələndirilməsi, istehsalı və bütün mühəndis hesablamalarını həyata keçirir. Bu il “Titan Grup”un ümumi dəyəri 20 mln. manat olan Binə qəsəbəsində qida sənayesi avadanlıqları istehsal edəcək yeni zavodu fəaliyyətə başlayacaq.
Layihəyə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 mln. manat həcmində güzəştli kredit ayrılıb. Artıq zavodda tikinti-quraşdırma işləri başa çatdırılıb. Layihəyə əsasən, zavod istixana konstruksiyaları və qida sənayesi avadanlıqları istehsalı bölmələrindən ibarət olacaq. Hazırda İtaliya istehsalı olan ən müasir avadanlıqların quraşdırıldığı zavodda qida sənayesi avadanlıqları - istilik, qənnadı, camaşırxana avadanlıqları, paylama xətləri, mətbəx ləvazimatları, dolablar və s. istehsal olunacaq.