SOCAR-AQŞ-dən “APA-Economics”ə verilən məlumata görə, “Ümid’’ və “Qərbi Abşeron’’ yataqlarında qazma işlərinin bu ildən başlayaraq SOCAR-AQŞ tərəfindən aparılması rəsmən təsdiqlənib.
“Ümid’’ yatağında qazma işləri “SOCAR-ÜMİD’’ MMC-nin sifarişi əsasında aparılacaq. Yaxın gələcəkdə SOCAR-AQŞ adıçəkilən yataqda ZJ-70 tipli 1 qazma qurğusu ilə qazma işlərinə başlayacaq. Hazırda “Ümid’’ yatağında 1 saylı dərin dəniz stasionar özülündən (DDSÖ) 14 saylı kəşfiyyat quyusunun qazılmasına hazırlıq işləri çərçivəsində özüldə texniki baxış, təmir və montaj işləri həyata keçirilir. Bu kəşfiyyat quyusu “Ümid’’ yatağının neft-qaz ehtiyatlarını öyrənmək məqsədilə qazılır. Ümumilikdə, “Umid’’ yatağında 1 saylı DDSÖ-dən orta dərinliyi 6700 m olan 3 quyunun qazılması planlaşdırılır.
Bundan başqa, müəssisə “Qərbi Abşeron” yatağında 20 saylı DDSÖ-dən orta dərinliyi təxminən 1000 m olan 10 quyunun qazılmasını planlaşdırır. ARDNŞ-ın “Azneft” İstehsalat Birliyi tərəfindən sifariş edilən bu quyuların horizontal qazılması nəzərdə tutulur.