Bank Of Baku

Milli Məclisdə Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş müzakirə olunub

Milli Məclisdə Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş müzakirə olunub
# 02 aprel 2015 16:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

 

Parlamentdən APA-ya verilən məlumata görə, komitə sədri Valeh Ələsgərov bildirib ki, gündəliyə iki məsələ daxildir.

 

Azərbaycan prezidentinin imzası ilə parlamentə daxil olmuş yeni neft sazişinin təqdimatında parlamentin on komitəsinin təmsilçiləri, Dövlət Neft Şirkətinin nümayəndələri iştirak ediblər. Qanun layihəsini slaydlarla təqdim edən V. Ələsgərov deyib ki, “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” sənəd 34-cü neft kontraktıdır. Bu saziş Azərbaycan prezidentinin 22 dekabr 2014-cü il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sərəncamına uyğun olaraq həmin tarixdə bağlanıb. Sənəddə sazişin əsas kommersiya prinsiplərinə dair müddəalar razılaşdırılıb.

 

Komitə sədri məlumat verib ki, sazişin müddəti üç dövrü əhatə edəcək – ilkin kəşfiyyat dövrü (30 ay), əsas kəşfiyyat dövrü (3 il), işlənmə və hasilat dövrü (23 il). Sənədə əsasən, tərəflər səmərəli və şəffaf iş görməklə bağlı üzərinə öhdəliklər götürürlər.

 

V. Ələsgərov qeyd edib ki, Azərbaycan neft sahəsində bütün riskləri nəzərə alıb və istənilən saziş bağlanarkən ilk növbədə ölkəmizin milli maraqları qorunur. BP şirkəti böyük təcrübəyə və texnikaya malik olduğuna görə, Xəzərin Abşeron yarımadasındakı dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatı ona həvalə olunur. Bununla bağlı proqnozlaşdırılan bütün maliyyə xərcləri də həmin şirkətin öhdəliyinə buraxılır.

 

Fikir mübadiləsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov, deputatlardan Sabir Rüstəmxanlı, Zahid Oruc, Bəxtiyar Əliyev, Asim Mollazadə rəy və təkliflərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan neft siyasətində dünya miqyasında özünə möhkəm yer tutmuş tərəfdaşdır. Son 20 ildə bağlanmış digər sazişlər kimi, bu saziş də böyük iqtisadi-siyasi əhəmiyyətə malikdir.

 

Çıxışlardan sonra V. Ələsgərov deputatları maraqlandıran suallara aydınlıq gətirib. Komitə üzvləri bu qanun layihəsinin Milli Məclisin plenar iclasına təqdim olunmasını məqsədəuyğun sayıblar.

 

Gündəlikdəki ikinci məsələ – “Birləşmiş Millətlər Təşkilatının  “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolu”na Doha düzəlişinin təsdiq edilməsi barədə” qanun layihəsi də parlamentin plenar iclasına tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR