Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi bəzi kütləvi informasiya vasitələrində Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi, döngə 20 ünvanında yerləşən yerli icra hakimiyyətinin balansındakı "Sahil" uşaq evində 7 gün təbii qazın olmaması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, İstehsalat Birliyi tərəfindən uşaq evinin təbii qazla təchizatında heç bir problem olmayıb.
"Buna baxmayaraq, İstehsalat Birliyinin əməkdaşları uşaq evinin rəhbərliyinin müraciəti əsasında bağçanın qaz xətlərinə və "kombi" tipli istilik qızdırıcı cihazına baxış keçirib. Baxış zamanı məlum olub ki, "kombi" cihazının qaztənzimləyici aparatı çalışmadığından bağçanın istilik sistemi dayanıb. Birliyin əməkdaşları dərhal yaranmış nasazlığı aradan qaldırıb və cihazı işlək vəziyyətə gətiriblər", - deyə məlumatda deyilir.