Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi bu ilin birinci yarısında hasilatın sabit saxlanması, cari və əsaslı təmir işlərinin vaxtında və keyfiyyətlə aparılması, neftçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirib.
Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.
Məhsuldarlığın artırılması üçün idarədə aparılmış 90 geoloji tədbir nəticəsində əlavə olaraq 4 008 ton neft, 197 texniki tədbir nəticəsində isə 801 ton əlavə neft alınıb. 44 quyuda əsaslı təmir, 2219 quyuda yeraltı təmir işləri həyata keçirilib.
Quyuların yeraltı və əsaslı təmiri briqadalarının işini sürətləndirmək məqsədi ilə 4 ədəd uzun müddət işləyə bilən səyyar qaldırıcı yenisi ilə əvəz olunub. 40 quyuda abadlıq işləri aparılıb. Neft və qazçıxarma sahələrində hava elektrik ötürücü xətləri yeraltı kabel xətləri ilə əvəzlənib.
Eyni zamanda, neftin və suyun kompleks hazırlanması və nəqli sexinin əmtəə çənlər parkının tikintisinə başlanılıb, 2 ədəd 1 000 kubmetrlik, 3 ədəd 2000 kubmetrlik çənin özülü hazırlanaraq döşəməsi qaynaq olunub. İki nasosxana və iki inzibati binanın tikintisi plana uyğun olaraq davam etdirilir. Bir ədəd paylayıcı qurğunun isə özülü atılıb.
Bibiheybət zonasında təmiz ekoloji mühitin yaradılması işləri davam etdirilir. Bu ilin ilk yarısında 4,5 hektarlıq sahədə torpaqlanma işləri aparılıb, ərazi qurudularaq 17 100 kubmetr torpaq daşınıb, yaşıllıqlar salınıb, yeni damcısu sistemi quraşdırılıb.