Gürcüstan paytaxtında "Hidroenergetika. Xəzər və Mərkəzi Asiya" adlı beynəlxalq konqres başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan energetika nazirinin müavini İlya Eloşvili açıb.
Konqres çərçivəsində Gürcüstan, Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya, Tacikistan və Qırğızıstanın dövlət və özəl enerji şirkətlərinin nümayəndələri layihələrin təqdimatını keçiriblər. Çıxışçılar əsasən su-elektrik və infrastruktur layihələrin tikintisi barədə məlumat veriblər. Ümumiyyətlə, iki gün ərzində 40-dək orta və kiçik hidroelektrik stansiyaların tikintisi və modernləşdirilməsi layihələrinin təqdimatı keçiriləcək. Konqresdə 100-dən çox dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edir.
“Azərenerji” Səhmdar Cəmiyyətinin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun baş mühəndisi Cəlaləddin Vəliyev “Azərbaycanda su-elektrik stansiyalarının tikintisi haqqında” məruzə ilə çıxış edib. O, Azərbaycanda energetikanın inkişafı və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.
Tədbirdə ölkələrdə fəaliyyət göstərən şirkətlərin məhsullarının foto-sərgisi də keçirilir.