Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyanın "LUKoil" şirkəti "Şahdəniz" layihəsindəki payının maliyyələşdirilməsi ilə bağlı iri kredit təşkilatlarından vəsait cəlb etmək niyyətindədir.
"APA-Economics"in BBC-yə istinadən verdiyi məlumata görə, bunu şirkətin prezidenti Vahid Ələkbərov deyib.
"Biz banklarla işimizi davam etdiririk. Onlarla bizim "Şahdəniz" də daxil olmaqla digər layihələrimizin maliyyələşdirilməsi ilə bağlı hazırlıq işləri aparırıq. Yaxın zamanda "LUKoil" Avropa Yenidənqurma və İnkişaf Bankından 500 milyon və Asiya İnkişaf Bankından 450 milyon dollar həcmində kreditin alınmasını planlaşdırır", - deyə V. Ələkbərov bildirib.
O bildirib ki, bu vəsaitlə "LUKoil" "Şahdəniz" layihəsindəki 10% payının maliyyələşdirilməsini həyata keçiriləcək.
"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il Milli Məclisdə ratifikasiya olunub. "Şahdəniz" layihəsinin iştirakçıları: "BP" (operator - 25,5%), "Statoil" (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.
Hazırda qaz hasilatı “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” layihəsi çərçivəsində həyata keçirilir. “Mərhələ-1” 178 mlrd. kubmetr qaz və 34 mln. ton kondensat hasilatını nəzərdə tutur. “Mərhələ-1”in dəyəri $4,1 mlrd. təşkil edir. “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində maksimal qaz hasilatı 9 mlrd. kubmetr qaz və 50 min barel kondensat həcmində proqnozlaşdırılır.