Bu ilin III rübündə Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” kompleksində 5 mlrd. 401,903 mln. lirəlik məhsul istehsal olunub.
“APA-Economics” şirkətin bu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilin dekabrın 31-nə olan göstəricidən 5,57 dəfə çoxdur.
Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” kompleksində 2 557 958 ton məhsul istehsal olunub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 8,4% çoxdur. Hesabat dövründə satış miqdarı 18% artaraq 1 530 872 ton olub.
“Petkim Holding”in satış gəlirləri 66,06% artaraq 3,253 mlrd. lirədən 5,402 mlrd. lirəyə çatıb.
Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır. Kompleks illik 3,6 mln. ton istehsal gücünə malikdir.