"Statoil" Norveçin şelfində yerləşən "Snefrid Nord" yatağına 126,3 mln. avro məbləğində investisiya yatırmaq niyyətindədir.
"APA-Economics" xəbər verir ki, yataq 2019-cu ilin sonunda istismara veriləcək.
Adıçəkilən yataq "Aasta Hansteen" yatağı ilə birgə işləniləcək.
"Snefrid Nord" yatağı 2015-ci ildə aşkarlanıb. İlkin ehtimala görə, yataqdan gündəlik 4 mln. ton neft hasil etmək mümkün olacaq. Yataq 4-5 il istismar oluna bilər.
"Aasta Hansteen" yatağını "Statoil" şirkətinin (iştirak payı 51%) rəhbərlik etdiyi konsorsium işlədir. Konsorsiuma Almaniyanın "Wintershall" (24%), Avstriyanın OMV (15%), ABŞ-ın "ConocoPhillips Skandinavia" (10%) şirkətləri daxildir.
"Statoil" 2016-cı ili 2,902 mlrd. dollarlıq zərərlə başa vurub. Şirkət əldə etdiyi zərəri dünya bazarında karbohidrogenlərin kəskin ucuzlaşması ilə əlaqələndirir.
"Statoil" bir sıra layihələrdən imtina edərək xərclərin optimallaşdırmasına üstünlük verib. İmtina olunan layihələr arasında Xəzər dənizinin Azərbaycan seqmentində yerləşən "Şahdəniz", ABŞ və Kanadada şist neft yataqlarının işlənməsi var. Beləliklə, 2016-cı ildə şirkət 3,2 mlrd. dollarlıq vəsaitə qənaət edib ki, bu da planlaşdırılandan 700 mln. dollar çoxdur. Şirkət bu il 1 mlrd. dollara qənaət etməyi qarşısına hədəf qoyub.