Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda “BP-Azerbaijan” şirkəti Abşeron yarımadasının dayazsulu hissəsi layihəsi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ictimai dinləmələri keçirilib.
“APA-Economics”in xəbərinə görə, “BP-Azerbaijan" şirkətinin geoloji kəşfiyyat şöbəsinin əməkdaşı Arzu Cavadova gələn ay başlanılacaq 3 ölçülü (3D) seysmik tədqiqat işləri barədə danışıb.
O bildirib ki, quruda tədqiqat sahəsi 90 kvadrat km ərazidə aparılacaq və hər 400 metr ərazidə tədqiqat xətləri yerləşdiriləcək: “Tədqiqatda ən qabaqcıl avadanlıqlardan istifadə olunacaq. Dənizdə suyun 0-25 m dərinliyində tədqiqat aparılacaq”.
A. Cavadova bildirib ki, proqramın 9 ay müddətində keçirilməsi nəzərdə tutulub: “Tədqiqatlarda 5 mənbə gəmi istifadə olunacaq. 3 ölçülü seysmik tədqiqat “Geokinetics” tərəfindən aparılacaq və tədqiqat sahəsi ümumilikdə 1520 km sahəni əhatə edəcək”.
Sonra şirkətin ətraf mühitin mühafizəsi və tələblərə riayət edilməsi üzrə departamentinin işçisi Nicat Həsənov təqdimatla çıxış edib.
Xatırladaq ki, 2015-ci ilin noyabr-dekabr aylarında suyun 10 m dərinliyində 2 ölçülü seysmik tədqiqat aparılıb. Abşeron yarımadasının dayazsulu hissəsi layihəsi üzrə ƏMSSTQ sənəd ötən il dekabrın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunub. Sənəddə layihənin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılıb və bu təsirləri azaltmaq üçün tövsiyə olunan tədbirlər təsvir olunub. ƏMSSTQ sənədi və ona əlavə olunan qısa xülasə Azərbaycan və ingilis dillərində hazırlanıb. Sənədlərin nüsxələri yanvarın 15-dən etibarən ictimaiyyətin tanış olması üçün Bakı və Bakıətrafı ərazilərdə müəyyən ünvanlarda yerləşdirilib. BP şirkəti rəy və təkliflərin fevral ayının sonuna kimi təqdim olunmasını xahiş edib.