2016-cı ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,5 mln. kubmetr, ümumilikdə isə 2,75 mlrd. kubmetr səmt qazı verilib.
Blokun operatoru olan "BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Qeyd edək ki, 2015-ci il ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları" vasitəsilə gündə orta hesabla 8,9 mln. kubmetr, ümumilikdə isə 3,2 mlrd. kubmetr səmt qazı verilib. Beləliklə, il ərzində AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi 450 mln. kubmetr azalıb.
AÇG-nin səhmdarları: BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Limited" (OVL) (2,7%) təşkil edir. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited" şirkəti operatordur.