Bakı - APA-Economics. Cari ilin I yarısında "Statoil" şirkətinin xalis mənfəəti 309 mln. dollar təşkil edib.
"APA-Economics" şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, ötən ilin analoji dövrünü "Statoil" 3,704 mlrd. dollarlıq zərərlə başa vurmuşdu.
Şirkət II rübü 302 mln. dollarlıq zərərlə başa vurub. Buna baxmayaraq, I rübdə əldə olunan 866 mln. dollarlıq mənfəət yarımilliyi müsbət baş vurmağa imkan verib.
II rübdə şirkətin xalis əməliyyat mənfəəti 180 mln. dollar təşkil edib. Halbuki, ötən ilin analoji dövründə bu rəqəm 3,6 mlrd. dollar olub.
"Karbohidrogenlərin ucuzlaşması şirkətin maliyyə göstəricilərinə mənfi təsir etsə də, xərclərin optimizasiyası hesabına bunu kompensasiya etmək mümkün olub", - deyə şirkətin açıqlamasında deyilir.
Analitiklər hesab edir ki, cari ilin I rübündə əldə olunan mənfəət şirkətin ili zərərlə baş vurmasından xilas edə bilməyəcək.
Qeyd edək ki, maliyyə göstəricilərinin stabilləşməsi üçün "Statoil" investisiya xərclərini azaldıb və bir sıra layihələri dondurub.
Onu da qeyd edək ki, "Statoil" Azəri-Çıraq-Günəşli layihəsində 8,56%, Bakı-Tbilisi-Ceyhan layihəsində isə 8,71%-lik paylara malikdir.