Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Buxarestdə “AGRI LNG Project Company SRL” (Azerbaijan-Georgia-Romania İnterconnector) şirkətinin Direktorlar Şurasının iclası keçirilib.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, iclasda Böyük Britaniyanın “Penspen” şirkəti AGRİ layihəsinin texniki-iqtisadi əsaslandırılmasına dair son hesabatını layihənin səhmdarları olan ARDNŞ, Gürcüstanın GOGC, Rumıniyanın “Romgaz” və Macarıstanın MVM şirkətlərinə təqdim edib. AGRI şirkətinin Direktorlar Şurası layihənin “Penspen” tərəfindən təqdim edilmiş texniki-iqtisadi əsaslandırılmasına dair hesabatını müzakirə edib, sənədin baxılmaq üçün AGRİ şirkəti səhmdarlarının 2015-ci ilin yanvar-fevral aylarında keçirilməsi nəzərdə tutulan ümumi yığıncağına çıxarılması tövsiyə olunub.
Təqdimatda Rumınıya Xarici İşlər Nazirliyinin nümayəndələri, İqtisadiyyat Nazirliyi nəzdində Energetika Departamentinin əməkdaşları iştirak ediblər.
Xatırladaq ki, Xəzər qazının maye şəklində Gürcüstan ərazisindən Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər Şərqi Avropa ölkələrinə tədarükünü nəzərdə tutan AGRI layihəsində ARDNŞ, GOGC, “Romgaz” və MVM şirkətləri hər biri 25% paya malikdirlər.