Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Belçikanın paytaxtı Brüsseldə “Cənub Qaz Dəhlizi” layihəsinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, tədbirdə ARDNŞ vitse-prezidenti Elşad Nəsirov, azərbaycanlı diplomatlar, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb olunmuş beynəlxalq enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.
E. Nəsirov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini, ölkəmizin Avropa qitəsində əhəmiyyətinin artdığını vurğulayıb. O, “Cənub Qaz Dəhlizi”nin Azərbaycan-Avropa strateji tərəfdaşlığından iqtisadi inkişafadək bir çox sahəni əhatə edən bir layihə olduğunu qeyd edib, bildirib ki, ilkin qazın həcmi Avropa üçün cüzi olsa da, Azərbaycan qazı istehlakçı ölkələrdə enerji təchizatı problemlərini kökündən həll edə bilər.
ARDNŞ-in vitse-prezidenti layihədə ətraf mühitin qorunmasına xüsusi diqqət ayrıldığını, təbii qazın digər enerji daşıyıcılarına nisbətən ətraf mühiti daha az çirkləndirdiyini vurğulayıb. Çıxışın sonunda E. Nəsirov qeyd edib ki, ARDNŞ Avropa İttifaqı iqtisadiyyatına yeni yatırımlar etməkdə maraqlıdır və Aİ qeyri - Avropa sərmayədarlarına lazımı strateji dəstəyi göstərməlidir.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçenti, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi zərurətindən danışıblar.
Avropa Komissiyasının vitse-prezidenti M. Şefçoviç bir neçə gün öncə Azərbaycan rəhbərliyi ilə görüşündə “Cənub Qaz Dəhlizi” layihəsini müzakirə etdiyini, Azərbaycan rəhbərliyinin layihəni prioritet olaraq gördüyünü və işlərin vaxtında başa çatdırılacağına zəmanət verdiyini bildirib. M. Şefçoviç etiraf edib ki, Azərbaycan və Türkiyə layihə üzrə öhdəliklərini artıq yerinə yetiriblər, indi isə Avropadan üzərinə düşənləri həyata keçirməyi gözləyirlər. O, Enerji İttifaqının yaradılması üçün əlverişli anın gəldiyini vurğulayıb.
Görüşdə BP-nin “Cənub Qaz Dəhlizi” üzrə vitse-prezidenti Co Mörfi və Trans-Adritaik Boru Kəməri (TAP) layihəsinin icraçı direktoru Kyetil Tunqland da öz fikirlərini bölüşüblər.