Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yeni Neft Qaz Emalı və Neft Kimya Kompleksinin Neftayırma Zavodu (OGPC) 2030-cu ilə istismara veriləcək.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan Dövlət Neft Şirkətinin Neft-qaz emalı və neft-kimya kompleksi forumunda şirkətin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhramanov bildirib.
Onun sözlərinə görə, kompleksin tikinti qrafikinin dəyişilməsi Azərbaycanın bəzi layihələrdə iştirakı ilə əlaqədardır. T. Qəhrəmanov qeyd edib ki, bu vəsaitlər “Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlər (TANAP, TAP layihələri), Türkiyədəki “Star” Neft Emalı zavodunun tikintisi üçün yönəldiləcək. Bu baxımdan qərara alınıb ki, mövcud olan H. Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma işləri aparılsın və onun fəaliyyəti 15 il daha da uzadılsın.
ARDNŞ-in vitse-prezidenti kompleksin birinci mərhələsinin tikintisi 2020-ci ildə başa çatacağını açıqlayıb: “Bu mərhələdə yeni qaz emalı zavodu istismara veriləcək ki, bu zavodun illik emal gücü 12 mlrd. kubmetrə bərabərdir. Həmçinin illik 860 min ton polimer istehsalı edə bilən neft-kimya zavodu da açılacaq”.
“Birinci mərhələnin layihə dəyəri 7 mlrd. dollar həcmində dəyərləndirilir. Ondan 2,1 mlrd. dolarını Azərbaycan dövləti 5 il müddətində hissə-hissə ayıracaq. Qalan 4,9 mlrd. dolları isə cəlb edilmiş vəsaitlər hesabına maliyyələşdiriləcək”, - deyə T. Qəhrəmanov qeyd edib.
Qeyd edək ki, kompleksin tikintisi zamanı 15-16 min nəfərin işlə təmin olunacağı, kompleksin istifadəyə verildiyi zaman isə 2 min nəfər peşəkar mühəndisin, ümumilikdə isə 8 minə yaxın şəxsin işlə təmin ediləcəyi bildirilib.
Kompleksin istismara verilməsi Bakı şəhərində və Sumqayıtda bir sıra zavodların, həmçinin onlarla əlaqəli bəzi müəssisələrin fəaliyyətinin dayandırmasına, bu ərazilərdəki ekoloji vəziyyətin normallaşmasına gətirib çıxaracaq.