Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayı ərzində 2 543 390 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
“APA-Economics”in Azərbaycan Dövlət Neft Şirkətinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur. Bu həcmin 1 813 020 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 22 125 785 ton təşkil edib. Bu da ötən ilin analoji 9 ayı ilə müqayisədə 0,8% çoxdur.
Ümumiyyətlə, BTC istismara verilən gündən bu il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 255 269 699 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.