Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dünyanın iri emal və neft-kimya şirkətlərinin rəhbərləri Türkiyədə toplaşacaq.
“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 14-16-da Türkiyənin İzmir şəhərində XVII Mərkəzi və Şərqi Avropa Emal və Neft-kimya konfransı baş tutacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiye Enerji”nin baş sponsorluğu ilə baş tutacaq konfransda Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın qatılacağı gözlənilir.
Konfransda 150-dən artıq neft və kimya müəssisələrini təmsil edən mütəxəssislərin iştirak edəcəyi bildirilir. Həmçinin, konfransa Macarıstanın MOL neft şirkətinin İdarə Heyətinin sədri Artur Ternes, İtaliyanın “Eni S.p.A” şirkətinin sədr müavini Giakomo Rispoli, STAR neft emalı zavodunun müdiri Robert Storey da qatılacaq.
“SOCAR Türkiye Enerji” şirkətinin prezidenti Kənan Yavuz bildirib ki, bu konfrans dünyada bu sahədə olan insanların diqqətini İzmirə, Petkim yarımadasına və Əliağa qəsəbəsində, dəyəri 5,6 mlrd. dollar olan və tikintisi davam edən emal müəssisəsinə olan diqqətə yönəltməkdir. O, konfrans çərçivəsində qonaqların emal zavodunun ərazisini gəzəcəklərini və müəssisənin tikintisi ilə tanış ediləcəyini də qeyd edib.