Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun Mütləqləşdirilmiş izopropil spirti sahəsinin əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilməsi mərasimində iştirak edib.
ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, ilin əvvəlindən fəaliyyəti dayandırılmış sahədə bütün qurğu və avadanlıqlar yenidən qurulmub, yeni operator binası tikilib.
Bundan başqa sahənin hazır məhsulun saxlanılması və yüklənməsi şöbəsində 600 kubmetr həcmlik tutumların bütün əlaqə xətləri yeniləri ilə əvəz olunub, yeni nasos stansiyası inşa edilib, doldurma və boşaltma estakadası quraşdırılıb.
İstehsal prosesinə heç bir xələl gətirmədən aparılan yenidənqurma işləri texniki təhlükəsizlik qaydalarına tam riayət edilərək həyata keçirilib, qurğularda izolyasiya və rəngləmə işləri aparıldıqdan sonra sahənin daxili ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib. Görülmüş işlər kimyaçıların əmək şəraitinin yaxşılaşması ilə yanaşı, 2 ədəd kalonun və 10 ədəd nasosun istismardan çıxarılması sayəsində xeyli miqdarda enerjidaşıyıcılarına qənaət olunmasına zəmin yaradıb.