Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Böyük Britaniyanın aparıcı ticarət assosiasiyası olan Enerji Sənayeləri Şurasının və Birləşmiş Krallığın Ticarət və Sənaye agentliyinin birgə təşəbbüsü ilə Mançesterdə “EIC Connect: Oil and Gas-2014” sərgi-konfransı keçirilib.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, açılış mərasimində Birləşmiş Krallığın ticarət və sərmayələr üzrə dövlət naziri Lord Livingston çıxış edib. 200-dən artıq şirkətin qatıldığı tədbirdə ARDNŞ də iştirak edib.
ARDNŞ-nin nümayəndə heyəti Azərbaycanda həyata keçirilən iri neft və qaz layihələrində yerli biznesin iştirakı, birgə fəaliyyətlər və yeni sənaye məhsullarının istehsalı perspektivləri mövzularında müzakirələr aparıb, əldə olunmuş uğurlar barədə məlumat verib.
ARDNŞ-nin Baş Ofisinin əməkdaşı Təbriz Əmmayev konfransda çıxış edib, ARDNŞ-nin Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev şirkətin yeni Neft-qaz və neft kimya Kompleksi, STAR Neft Emalı Zavodu və “Cənub Qaz Dəhlizi” layihələri barəsində geniş təqdimat keçirib. Auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
ARDNŞ-nin təmsilçiləri “Azərbaycanın neft və qaz sektorunda yerli biznes resurslarından istifadənin və eyni zamanda yerli biznes subyektlərinin iştirakının artırılması” mövzusunda biznes-seminar təşkil edib, iştirakçılara cari nəticələr və gələcək perspektivlər barəsində məlumat veriblər. Tədbirin sonunda Enerji Sənayeləri Şurasının Neft və Qaz bölməsinin rəhbəri Neil Golding ARDNŞ-nin iştirakının yüksək qiymətləndirildiyini və əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə edib.
Gələn il Böyük Britaniya şirkətlərinin nümayəndələrindən ibarət qrupun Azərbaycana səfərinin planlaşdırıldığı bildirilib və həmin ərəfədə Bakıda biznes seminarın keçirilməsi barədə təklif irəli sürülüb.