Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ilin əvvəlinə kimi “Trans-Anadolu” boru kəmərinin (TANAP) səhmdarlarının formalaşması başa çatacaq.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının (ERRA) İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə XIII toplantısında Dövlət Neft Şirkətinin İnvestisiyalar İdarəsinin rəhbəri Vaqif Əliyev bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna kimi BP şirkətinin TANAP kəmərində 12% payının formalaşması proseduru yekunlaşacaq: “BOTAŞ şirkətinin 30% və ARDNŞ-in 58%-lik payı üzrə prosedur başa çatıb”.
V. Əliyev TANAP-a 11,3 mlrd. dollar sərmayənin yatırılmasının lazım olduğunu xatırladıb.
Kəmərin tikintisindən söz açan ARDNŞ rəsmisi qeyd edib ki, qaz boru kəmərinin keçəcəyi ərazilər mürəkkəb olduğundan müəyyən çətinliklər olacaq: “Bizi texniki cəhətdən mürəkkəb iş gözləyir. Amma biz bütün çətinlikləri nəzərə almışıq. 2018-ci ilin ortalarında TANAP istifadəyə veriləcək və 2019-cu ildə Avropa istehlakçıları ilk Azərbaycan qazını ala biləcəklər”.
İdarə rəisi boru kəməri üzrə ilkin işlərə başlanıldığını, tikinti işlərinə isə 2015-ci ilin aprel ayından başlanacağını qeyd edib: “Bu günlərdə boru kəmərinin tikintisi üçün boruların tədarük edilməsi ilə bağlı müqavilə imzalanıb. Yaxın zamanlarda tikinti işlərinin başlanması ilə bağlı digər müqavilə imzalanacaq. Daha sonra qaz-kompressor stansiyasının tikintisini həyata keçirəcək şirkətlər tender vasitəsilə müəyyən ediləcək”.