Bakı. Könül Kamilqızı - APA. Arktik regionda, xüsusilə Rusiyanın Yakutiya ərazisindən keçən neft-qaz kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın seysmik stansiyalardan istifadə ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev APA-ya açıqlamasında deyib ki, Arktik regionun neft-qaz kəmərlərinin təhlükəsizlik məsələsi qarşılıqlı olaraq müzakirə edilib və ümumi razılığa gəlinib. Onun sözlərinə görə, Yakutiyada həyata keçirilən layihədə Azərbaycanın stansiyalarından istifadə etmək planlaşdırılıb. T.Əliyev qeyd edib ki, bu çox ciddi və əhəmiyyətli işdir: “Həmin ərazi çox böyük seysmik ərazidir və orada tez-tez zəlzələlər olur. Onlar zəlzələnin olması barədə gərək əvvəldən bilsinlər ki, neft-qaz kəmərlərindəki işlər müvəqqəti fəaliyyəti dayandırılsın və hər hansı bir təhlükənin baş verməsinin qarşısı alınsın. Həyata keçiriləcək layihə çərçivəsində hər hansı bir zəlzələnin baş verməsi barədə Azərbaycanın həmin ərazilərində orada quraşdırılmış stansiyalarından istifadə ediləcək. Bizim stansiyalar neft-qaz kəməri boyunca müəyyən məsafədən bir yerləşdiriləcək, oradan alınan məlumat əsasında təhlükəsizliyi təmin etmək mümkün olacaq”.