Bank Of Baku

Avropa Komissiyasının vitse-prezidenti: “Avropa Birliyinin energetika nazirlərinin Azərbaycana səfəri planlaşdırlır”

Avropa Komissiyasının vitse-prezidenti: “Avropa Birliyinin energetika nazirlərinin Azərbaycana səfəri planlaşdırlır”
# 24 yanvar 2015 10:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin fevral ayında Avropa Birliyi  Mərkəzi, Cənub və Şərqi Avropa ölkələri üçün energetika üzrə baş planın hazırlanması istiqamətində işlərə başlayacaq.

 

APA-Economics”in “The Wall Street Journal”a istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının enerji üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib ki, regionun energetika nazirləri fevralın 9-da Bolqarıstanda danışıqlara başlayacaq.

 

Onun sözlərinə görə, energetika nazirlərinin enerji nəqlinə görə Avropa Birliyi üçün mühüm alternativ tədarükçü sayılan Azərbaycana səfəri də planlaşdırılır. “Fevralın sonunda Avropa Komissiyası enerji birliyinin yaradılması ilə bağlı hesabatını dərc etmək və Avropa Birliyi ölkələri arasında boru kəmərinin inşası layihəsini elan etmək niyyətindədir”, - deyə M.Şefçoviç vurğulayıb. 

 

Yeri gəlmişkən, M.Şefçoviç Rusiya qazının Türkiyədən nəqlini nəzərdə tutan boru kəmərinin tikintisi məsələsinə də münasibət bildirib. O, Avrozonanın bu layihəni səmərəsiz saydığını deyib. Maroş Şefçoviçin fikrincə, rəsmi Moskvanın Ukraynadan yan keçməklə Türkiyə vasitəsilə Avropa Birliyinə yeni qaz kəmərinin inşası planları baş tutmayacaq: “İllik 63 mlrd. kubmetr təbii qazı ötürmək gücünə malik olan boru kəməri potensial müştərilərin, eyni zamanda Türkiyənin və Cənub-Qərbi Avropanın tələbatını tam ödəyə biləcək. Amma ilkin qiymətləndirməyə əsasən bu layihə işləməyəcək”.

 

Bundan başqa, avropalı vitse-prezident mart ayında Rusiyanın Ukraynaya təbii qaz nəqlinin dayanacağını deyib. O əlavə edib ki, Avropa Birliyinin dəstəyi olmadan əldə olunan müqaviləni bərpa etmək üçün tərəflər arasında yaxın zamanlarda danışıqlara başlanılacaq: “Mütəxəssislər yanvarın sonuna qədər bu məsələnin müzakirəsinə başlayacaqlar. Biz vasitəçi qismində çıxış edə bilərik. Avropa Komissiyasının bu müzakirələrdə iştirakı rəsmi Kiyev üçün beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşmək imkanı əldə etməyə kömək edəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR