Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 273,7 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin
yanvar-noyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 29,8%, sair nəqliyyat vasitələrinin istehsalı 0,5% azalıb, avtomobil və qoşquların istehsalı isə 4,5% artıb.
Belə ki, ötən on bir ay ərzində Azərbaycanda 728 ədəd minik avtomobili istehsal edilib. Bu, 2014-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 60,9% azdır. Nəticədə bu ilin dekabr ayının 1-ə 245 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ötən 11 ay ərzində ölkədə 334 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 45,9% çoxdur. Nəticədə bu ilin dekabr ayının 1-ə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bundan başqa, ötən aylar ərzində 602 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Yanvar-noyabr aylarında 941 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 17,2% azdır. Nəticədə bu ilin dekabr ayının 1-ə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.