Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü ildə ölkə daxilində əsas növ neft emalı məhsullarının istehlakı 3,6 mln. ton olub və 2013-cü illə müqayisədə 0,2% artıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlakın 38,5%-ni avtomobil benzini, 38,4%-ni dizel yanacağı, 6,7%-ni neft bitumu, 5,9%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 4,9%-ni ağ neft, 3,9%-ni maye qaz, 1,2%-ni sürtgü yağları, 0,4%-ni mazut yanacağı və 0,1%-ni isə neft koksu təşkil edib.
2013-cü illə müqayisədə neft-kimya sənayesində istifadə üçün benzin 67,9%, sürtgü yağları 10,8%, avtomobil benzini 6,3% artıb, digər neft məhsullarının istehlakı isə azalıb.
2014-cü ildə təbii qaz istehsalı 4,9% artaraq 18,7 mlrd. kubmetr, ilin əvvəlinə qalıq isə 3,0 mlrd. kubmetr təşkil edib. Təbii qaz ehtiyatının 46,4%-i ölkə daxilində istehlak edilib, 37,2%-i ixrac olunub, 5,3%-ni itkilər təşkil edib və 11,1%-i ilin axırına ehtiyat kimi qalıb.
İxrac olunmuş təbii qazın həcmi 10,7% artaraq 8,1 mlrd. kubmetrə çatıb, yeraltı anbarlara 2,4 mlrd. kubmetr qaz vurulub.
2014-cü ildə elektrik və istilik enerjisinin istehsalı üçün əsas fəaliyyəti elektrik və istilik enerjisinin istehsalı olan müəssisələr tərəfindən 5,6 mlrd. kubmetr və ya 2013-cü ilə nisbətən 5,7% çox təbii qaz, bundan əlavə 3,4 min ton mazut və 1,2 min ton dizel yanacağı istifadə edilib.
Ötən il ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 21,0 mlrd. kVt.saat elektrik enerjisi istehlak edilib.