Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin oktyabr ayında 113 101 ton dizel yanacağı ixrac edib.
ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,05 dəfə artım deməkdir.
Bundan başqa, ötən ay 19 966 ton təyyarə yanacağı ixrac edilib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 63,4% çoxdur.
Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində 9 332 ton avtomobil benzini ixrac edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 33,5% azdır.
Bu müddət ərzində ölkədən 826 042 ton və ya 11% çox dizel yanacağı, 158 855 ton və ya 46,2% çox təyyarə yanacağı ixrac edilib. Həmçinin, bu ilin yanvar-oktyabr aylarında 417 ton soba mazutu ixrac edilib.
Bu ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 809,25 dollar, təyyarə yanacağının - 807,22 dollar, dizel yanacağının - 745,54 dollar, 1% kükürdlü mazutun qiyməti 490 dollar təşkil edib.