Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Sumqayıt şəhərində azot gübrəsi - karbamid istehsalı zavodunun tikintisi ilə bağlı layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edib.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, tenderdə müvafiq beynəlxalq iş təcrübəsinə, zəruri maliyyə və texniki imkanlara, təcrübəli işçi heyətinə malik bütün hüquqi şəxslər, yaxud hüquqi şəxs birlikləri iştirak edə bilərlər.
BMT tərəfindən ticarət əlaqələrinin qurulmasına sanksiya qoyulmuş ölkələr, ticarət münasibətlərinin qurulması ARDNŞ-in avrobondların buraxılması ilə əlaqədar götürdüyü öhdəliklərə xələl gətirə biləcək ölkələr, Azərbaycanla müharibə şəraitində olan və ya onun suverenliyinə təhdid yaradan ölkələr, respublikanın tərəfdaş olduğu beynəlxalq müqavilələr üzrə ticarət münasibətlərinin qurulması məhdudlaşdırılan ölkələrdən olan şəxslərin tenderdə iştirakına yol verilmir və belə ölkələrlə birbaşa bağlılığı olan təkliflərə baxılmır.
Eyni zamanda, ARDNŞ-in etibarsız malgöndərənləri (podratçıları) hesab edilən və ya Şirkətə qarşı hər hansı gözlənilən məhkəmə işi və ya arbitraj mübahisəsi olan şəxslər iddiaçı qismində çıxış edə bilməzlər. Zərflərin açılışı mayın 16-da, saat 15:00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə ARDNŞ-in baş ofisində keçiriləcək.
Tender Azərbaycanın qanunvericiliyinin tələblərinə uyğun olaraq keçirilir. Tenderdə iştirak etmək üçün Əsas Şərtlər Toplusunu (ƏŞT) əldə etmək üçün 10 min avro məbləğində iştirak haqqı ARDNŞ-in bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İddiaçı statusu almaq üçün ARDNŞ-ə ödənilən iştirak haqqı heç bir halda geri qaytarılmır.