Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 27,6 mln. ton neft nəql edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,0% artım müşahidə olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 20,9 mln. ton neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 3,1 milyon ton tranzit Türkmənistan nefti nəql edilib.
Bu ilin 7 ayı ərzində ölkənin magistral qaz kəmərləri ilə 12,7 mlrd. kubmetr və ya 9,3% çox qaz nəql edilib. Nəql edilmiş qazın 28,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib və 3,6 mlrd. kubmetr qaz ötürülüb.