Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Energetika Nazirliyində olub.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, energetika naziri Natiq Əliyevlə keçirilən görüşdə iki ölkə arasında siyasi əlaqələrin inkişaf səviyyəsindən, Mərakeşin beynəlxalq qurumlarda Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsindən məmnunluq ifadə edilib. İkitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti barədə söhbət açılıb.
N. Əliyev müxtəlif dinlərin və mədəniyyətlərin qarşılıqlı anlaşma şəraitində mövcud olduğu Azərbaycanın mədəniyyətlərarası dialoq, tolerantlıq ünvanı kimi tanındığını, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsinin də mədəniyyətlər və dinlərarası dialoqa töhfə veriləcəyini bildirib. O, bu siyasətin islam ölkəsi kimi Mərakeşlə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb.
Azərbaycanın həm də enerji ölkəsi kimi tanındığını qeyd edən nazir neft-qaz sahəsində əldə edilmiş nailiyyətlər, həyata keçirilən qlobal layihələr, neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsində qazanılmış yüksək təcrübədən bəhs edib. N. Əliyev Azərbaycanın Mərakeşin enerji sektorunda iştirak edərək bu təcrübəni bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Səfir isə öz növbəsində bildirib ki, Azərbaycanla enerji əməkdaşlığının inkişafına nail olmaq əsas hədəflərdəndir. O, ölkəsinin əsas məqsədinin külək enerjisi, hidroenergetika, o cümlədən günəş enerjisi kimi bərpa olunan enerji mənbələrini inkişaf etdirmək və 2030-cu ilə kimi bərpa olunan enerjidən istifadəni 52%-ə çatdırmaqdan ibarət olduğunu bildirib. Səfir dünyanın ən böyük günəş enerji mərkəzi olan Faza I, Faza II və Faza II Noor stansiyalarının tikintisi, 2020-ci ildə 2000 meqavat elektrik enerjisinin əldə edilməsini nəzərdə tutan külək enerjisi və 2280 meqavatlıq hidroenergetika strategiyaları barədə ətraflı məlumat verib. Mərakeşlə Nigeriya arasında təbii qaz boru kəməri layihəsindən də danışan səfir SOCAR-la əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
N. Əliyev ötən ilin noyabrında Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadİ əməkdaşlığın təmin edilməsi məqsədilə Burkino Faso və Beninə səfər çərçivəsində SOCAR-la əməkdaşlıq əlaqələrinin qurulmasını xatırladıb. Mərakeşlə də oxşar əməkdaşlıq münasibətlərinin formalaşdırılması üçün birgə tədbirlərin keçirilməsi və enerji sahəsində Anlaşma Memorandumu kimi sənədlərin hazırlanması və qəbulunun vacibliyini diqqətə çatdırıb.