Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin may ayında Novorossiysk limanından 169 559 ton xam neft ixrac edib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
Bu müddət ərzində Supsa limanından 169 425 ton xam neft ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,02% çoxdur. Ceyhan limanından isə ötən ay ərzində 2014-cü ilin may ayı ilə müqayisədə 18,5% və ya 1 352 966 ton xam neft ixrac edilib.
Ümümilikdə, bu ilin yanvar-may ayları ərzində Novorossiysk limanından 678 046 ton xam neft ixrac edilib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 60% çoxdur.
Bu ilin beş ayı ərzində Supsa limanından 2,03% az və ya 1 185 880 ton, Ceyhan limanından isə 13,8% az və ya 7 278 248 ton xam neft ixrac edilmişdir.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.