Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın energetika naziri Natiq Əliyev Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adeli ilə görüşüb.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, N. Əliyevin Qazaxıstanın Astana şəhərində keçirilən Enerji Xartiyasının 25-ci sessiyası çərçivəsində S. Adeli ilə görüşündə ölkəmizlə bu mötəbər beynəlxalq qurum arasında əməkdaşlıq məsələləri geniş müzakirə edilib.
Azərbaycanın böyük qaz potensialına malik olduğunu vurğulayan S. Adeli qlobal qaz bazarında ölkəmizin mühüm rol oynayacağına əminliyini bildirib və foruma üzv olan 17 dövlətin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu deyib.
N. Əliyev qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi layihələr təkcə regional deyil, həm də dünya miqyaslı əhəmiyyət daşıyır və bunun təsdiqi Azərbaycanın iri neft-qaz ölkəsi qismində mövqeyinin möhkəmlənməsidir. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.