Bakı. Musa Əhmədov - APA-Economics. Son 1 əsrdə neft sənayesi Azərbaycan iqtisadiyyatının əsas özəyi olub.
“APA-Economics”in məlumatına görə, bunu “İnkişafın 10 ili 2004-2014” konfransında Energetika naziri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, neft hasilatı böyük tarixi əhatə etsə də, neft sənayesi indi də ölkə iqtisadiyyatında mühüm rol oynayır.
Nazir bildirib ki, uğurlu neft strategiyası büdcəyə xeyli vəsaitin daxil olmasına səbəb olub: “Əgər 2003-cü ildə Azərbaycanda neft hasilatı 15 mln. ton təşkil edibsə, 2013-cü ildə hasilat 43 mln. tona (təxminən 2,9 dəfə artıb – red.) çatıb Bunun da 35 mln. tonu əsasən “Azəri-Çıraq-Günəşli” yatağının payına düşüb. Bütün bunlar yeni neft strategiyasının uğurla icrası sayəsində mümkün olub”.
N. Əliyev qeyd edib ki, bu müddət ərzində qaz hasilatında da artım müşahidə edilib. “Belə ki, ARDNŞ qaz hasilatını 5 mlrd. kubmetrdən 9 mlrd. kubmetrə (1,8 dəfəyə qədər artıb - red.) qədər artırıb”, - deyə nazir bildirib.