Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyi artıb.
"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycan" qəzetində dərc olunan məqaləsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur və bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. Rəqabətədavamlı məhsul istehsalı, beynəlxalq standartlara cavab verən markalanma və qablaşdırmanın aparılması ixracın genişlənməsinə yeni imkanlar yaradır, Azərbaycanın bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır.
Onun sözlərinə görə, Sumqayıt Kimya, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarının, regionlarda sənaye məhəllələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafı üçün möhkəm zəmin yaradır: "Təkcə Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 mlrd. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC tərəfindən dəyəri 45 mln. ABŞ dolları olan 60 min ton boru məhsulunun Türkmənistana ixracı üzrə müqavilə bağlanıb".