Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 1 033,6 mln. manat olmaqla əvvəlki ilin yanvar ayının səviyyəsini 4,4% üstələyib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay ölkədə 3 668,1 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, ötən ilin yanvar ayına nisbətən 0,9% çoxdur. Nəticədə bu ilin fevral ayının 1-nə 279,1 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bunun 3 658,9 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 2,1% çoxdur.
Ötən ay ərzində ölkədə 2 493,7 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2014-cü ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 6,6% azdır. Nəticədə bu ilin fevralın 1-i vəziyyətinə 357,1 mln. kubmetr təbii qaz hazır məhsul ehtiyatı yaranıb. Bunun da 1 759,9 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da daha əvvəlki illə müqayisədə 7% çoxdur.