Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 2047,7 mln. manat olmaqla əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1,6% azalıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin on ayında ölkədə 1 020,5 min ton avtomobil benzini istehsal olunub. Bu, 2014-cü ilin eyni ayları ilə müqayisədə 0,3% azdır. Nəticədə bu ilin noyabrın 1-nə 45,9 min ton məhsul ehtiyatı yaranıb.
Ötən on ay ərzində ölkədə 2 362,8 min ton dizel yanacağı istehsal olunub ki, bu da daha əvvəlki ilin on ayı ilə müqayisədə 0,9% azdır. Nəticədə bu ilin noyabrın 1-nə 89,6 min ton məhsul ehtiyatı yaranıb.
Yanvar-oktyabr aylarında Azərbaycanda ağ neftin istehsalı 2,4% azalıb. Belə ki, ötən aylar ərzində ölkədə 573,5 min ton ağ neft istehsal olunub ki, bu ilin noyabrın 1-nə 38,8 min ton hazır məhsul ehtiyatı yaranıb.
Ötən aylar ərzində ölkədə neft bitumunun istehsalında azalma var. Ötən aylar ərzində Azərbaycanda 142,0 min ton neft bitumu istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 32,3% azdır. Nəticədə noyabrın 1-nə 9,5 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin on ayında ölkədə sürtgü yağlarının istehsalı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 57,2% azalıb. Belə ki, 10 ərzində 19,5 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin noyabrın 1-nə 11,1 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında azalma var. Belə ki, ötən aylar ərzində 162,5 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,0% azdır. Nəticədə bu ilin noyabrın 1-nə 1,4 min ton hazır məhsul ehtiyatı yaranıb.
Ötən on ay ərzində Azərbaycanda 302,9 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 61,3% artım deməkdir. Nəticədə bu ilin oktyabr ayının 1-nə 4,5 min ton hazır məhsul ehtiyatı yaranıb.