Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ), Sumqayıt Kimya Sənaye Parkı və ABŞ-ın “SouthWest NanoTechnologies” (SWeNT) şirkəti arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, memoranduma əsasən, AİŞ və “SWeNT” Sumqayıt Kimya Sənaye Parkının ərazisində karbon nano boruların istehsalının təşkili sahəsində əməkdaşlıq edəcəklər. İlkin olaraq ildə 1 000 ton borunun istehsalı gözlənilir.
Karbon nano boruların ən kəskin şəraitdə belə yüksək davamlılığı ilə seçilən və bir çox məqsədlər üçün istifadə olunan karbon tərkibli (qrafen) boru şəkilli nano materialdır. Hazırda Karbon nano borulardan plastik material və qarışıqlar, tikinti materialları, elektronika, sensor, tranzistor, batareya və s. istehsalında istifadə edilir və ən möhkəm material hesab edilir. Karbon nano boruların silisimdən (silikon) daha yaxşı yarımkeçiricilik və misdən daha yaxşı keçiricilik xüsusiyyətlərinə malikdir.
ABŞ-ın “SWeNT” şirkəti Oklahoma Universiteti və NASA (ABŞ Milli Aero Kosmik Agentliyi) tərəfindən həyata keçirilən birgə layihənin bazasında 2001-ci ildə yaradılıb. Şirkət karbon nano borular istehsalı üzrə ixtisaslaşıb. "SWeNT" şirkəti nanotərkiblər sahəsində çoxsaylı patentlərin sahibidir.