Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi 2013-cü ildə dini məbəd və ziyarət yerlərinin istifadə etdiyi təbii qazın orta illik sərfiyyatını araşdırıb.
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayevin “APA-Economics”ə verdiyi məlumata görə, hər bir dini məbədin orta illik qaz sərfiyyatı 1 953 kubmetr təşkil edib.
Qurum rəsmisi xatırladıb ki, dini məbədlərin hər birində istifadə olunan qaza 5 000 kubmetr limit tətbiq olunur.
“Bu çərçivədə həmin limitdən istifadə edən ziyarət və ibadət yerlərinin sayı bu ilin sentyabrın 1-nə 244-ə çatıb. İlin əvvəlində dini qurum kimi dövlət qeydiyyatında olan ziyarət, məscid və məbədlərin sayı 127 olub”, - deyə o əlavə edib.
Qeyd edək ki, keçən ilin dekabr ayında Azərbaycan prezidentinin qərarına əsasən məscid və digər konfessiyalara məxsus dini məbədlərə ayrılmış limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub.