Bakı. Vüsal Nəbiyev – APA-Economics. SOCAR-ın ''Qaz İxrac'' İdarəsində 2015-ci ilin I yarısında təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi sahələri üzrə görülən işlərlə bağlı hesabat iclası keçirilib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, iclası giriş sözü ilə açan idarənin rəisi Qağaməli Seyfullayev son illər bu istiqamətdə səmərəli tədbirlərin həyata keçirildiyini, bir sıra yeniliklərin tətbiq edildiyini, mühüm irəliləyişlərin əldə olunduğunu qeyd etmiş, qarşıda duran məsələləri diqqətə çatdırıb.
Müvafiq şöbənin rəisi Əmrah İbrahimov məruzə edərək bildirib ki, 2015-ci ilin altı ayı ərzində aparılan yoxlamalar zamanı əməyin mühafizəsinin aşkar edilən norma və qayda pozuntuları aradan qaldırılıb. Hesabat dövründə bərk tullantıların və çirkab sularının utilizasiyası məqsədi ilə zəruri tədbirlər keçirilib. 5467,337 ton metal ''HER ENGİNEERİNG'' MMC-yə, 6 870 ton sürtgü yağı Bakı Neft Emalı zavoduna, 133 kq təhlükəli tullantı Ekologiya İdarəsinin “Qaradağ” Tullantı Mərkəzinə təhvil verilib, keçirilmiş iməciliklər zamanı 3 825 ədəd ağac və gül kolu əkilib, salınan yaşıllıqlara aqro-texniki qulluq göstərilib.
“Qazıməmməd-Qazax” (1-ci xətt) magistral qaz kəmərinin başlanğıcından 210-cu kilometrinə qədər olan hissədə yenidənqurma işlərinə başlanılıb. Bu istiqamətdə boru kəmərinin 24 kilometrlik hissəsi yenidən çəkilib və Ekologiya İdarəsi tərəfindən Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədi işlənib hazırlanıb. Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamenti tərəfindən Magistral Qaz Kəmərləri Sahələri üçün “Atıla bilən tullantı həddi”, “Təhlükəli tullantıların pasportlaşdırılması” və “Ekoloji pasportlar” kimi texniki normativ sənədləri hazırlanıb. Həmin sənədlərə uyğun olaraq, magistral qaz kəmərləri sahələri üçün təhlükəli tullantıların ekoloji pasportları təsdiq edilib. Qeyd olunub ki, idarə tərəfindən ixrac olunan qazın keyfiyyətini və sifarişçi təşkilatlara göstərilən xidmət səviyyəsindən müştərilərin məmnuniyyətini müəyyən etmək məqsədi ilə ildə bir dəfədən az olmayaraq anket sorğusu keçirilir və müştərilər tərəfindən “5” ballıq sistemlə qiymətləndirilən anketə əsasən görülmüş işlər təhlil edilir, beynəlxalq standartların əhatə dairəsində mövcud ekoloji aspektlər müəyyən olunur. Hesabat dövründə də müştərilər idarənin fəaliyyətini yüksək qiymətləndiriblər.
İşçilərin peşəkarlıq səviyyəsinin artırılması və tətbiq olunan ISO 9001, ISO 14001 və OHSAS 18001 standartları üzrə maarifləndirilməsi üçün TTSİ-də maarifləndirmə kursları təşkil edilib. “Qaz İxrac” İdarəsinin aparatında, eləcə də “Abşeron”, “Siyəzən” və “Ağdam” Magistral qaz kəmərləri sahələrində daxili auditlər keçirilib, sahələrdə aşkar edilmiş uyğunsuzluqların səbəbləri araşdırılıb.
Bundan başqa, ''Neftqazelmitədqiqatlayihə'' İnstitutu magistral qaz kəmərləri sahələri üçün təhlükəsizlik bəyannamələrini, Qaz Kompressor Stansiyaları üçün qəzaların ləğvi planını işləyib hazırlayıb və təsdiq edib. “Qaz İxrac” İdarəsinin əməkçiləri xüsusi geyim, ayaqqabı və digər qoruyucu vasitələrlə təmin olunub, onların tibbi müayinəsi keçirilib. İşçilər arasında peşə xəstəliyi və bədbəxt hadisə qeydə alınmayıb.