Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 610 mln. manat olmaqla əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 6,2% azalıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk rübündə ölkədə 306,7 min ton avtomobil benzini istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11,5% azdır. Bu müddət ərzində neft-kimya sənayesində istifadə üçün nəzərdə tutulan benzinin istehsalı 23,3% azalaraq 31,0 min ton təşkil edib.
Bu ilin yanvar-mart aylarında ağ neftin istehsalı 0,2% azalaraq 175 min ton, neft bitumunun istehsalı isə 8,3% azlaraq 69,5 min ton olub. Azərbaycanda bu il dizel yanacağının da istehsalı 9,2% azalaraq 588,1 min ton təşkil edib.
Bu ilin ilk rübündə artan ancaq sürtgü yağlarının istehsalı olub. Belə ki, yanvar-mart aylarında ölkədə sürtgü yağlarının istehsalı 44,4% artaraq 10,4 min təşkil edib.