Bakı. Aynur Əliyeva – APA-Economics. Keçən il Azərbaycanda toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahələri üzrə ixtisaslaşan müəssisələr tərəfindən ümumilikdə 93,9 mln. manatlıq məhsul istehsal olunub. Belə ki, əsas növ məhsul kimi 11,3 min ton pambıq lifi, 15,5 min ton pambıq iplik, 447,2 min kv. metr pambıq parça, 4,5 mln. cüt corab məmulatları, 287,1 min cüt üstü dəridən olan ayaqqabı məhsulu istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsinin «APA-Economics»ə verdiyi məlumatda bildirilib.
Komitənin məlumatında bu ilin yanvarın 1-ə sahə müəssisələrinin anbarlarında hazır məhsul qalığı haqda rəqəmlər də əskini tapıb. Belə ki, 2014-cü ilin əvvəlinə yuxarıda adı çəkilən anbarlarda 27,2 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 10,8%-i qədər hazır məhsul qalığı mövcud olub.