Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin I rübündə Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 1,6% artaraq 184,8 min nəfər təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, onların orta aylıq əmək haqqı isə 9,3% artaraq 691,1 manat olub.
İşçilərin 35,5 min nəfəri mədənçıxarma, 91,4 min nəfəri emal, 32,3 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 25,6 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.
Əmək haqlarının daha çox artımı emal bölməsinin içki, poliqrafiya fəaliyyəti, qida məhsullarının, ağac emalı və ağacdan məmulatların, elektrik avadanlıqlarının, geyim, rezin və plastmas məmulatların, əczaçılıq məhsullarının, maşın və avadanlıqların quraşdırılması və təmiri, kağız və karton, sair nəqliyyat vasitələrinin, toxuculuq sənayesi məhsullarının, dəri və dəri məmulatlarının, tütün məhsullarının, neft məhsullarının istehsalı müəssisələrində müşahidə olunub.
Qeyri-dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 12,4% artaraq 840,3 manat təşkil edib.