Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 7,8 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-may aylarına nisbətən 0,3% azalıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 17,5 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 7,8 mlrd. kubmetr təşkil edib.
Bu ilin 5 ayı ərzində ölkədə 17 544,3 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2015-ci ilin yanvar-may aylarına nisbətən 0,7% azdır. Nəticədə bu ilin iyunun 1-ə 375,7 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 17 522,1 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 0,7% azdır.
Bu ilin yanvar-may ayları ərzində ölkədə 12 451,6 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2015-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 0,5% çoxdur. Nəticədə bu ilin iyunun 1-ə 1 026,7 min kubmetr hazır məhsul ehtiyatı yaranıb. Bunun da 7 822,7 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% azdır.