Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda yaradılacaq sənaye məhəllələrində hüquqi şəxslər və fərdi sahibkarlar üçün torpaq sahəsinin və tikililərin icra haqqı aşağı həddə müəyyən ediləcək, onlara güzəştli kreditlər veriləcək, inzibati prosedurlar sadələşdiriləcək və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkil ediləcək.
APA-nın məlumatına görə, bu, İqtisadiyyat və Sənaye, Ədliyyə, Maliyyə və Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılaraq ictimai müzakirəyə çıxarılmış “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”Nin layihəsində əksini tapıb.
Sənaye məhəllələrinə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulmur. Sənaye məhəlləsi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarda yaradıla bilər. Dövlət mülkiyyətində olan torpaq sahələrində sənaye məhəlləsinin yaradılması haqqında qərar İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir. Sənaye məhəlləsinə bələdiyyə mülkiyyətində olan torpaq sahələri icarə müqaviləsi əsasında və ya Mülki Məcəllədə müəyyən edilmiş digər əsaslarla cəlb edilir. Sənaye məhəlləsində fəaliyyət göstərmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar qeydiyyatdan keçərək sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini almalıdırlar. Hüquqi şəxslər və fərdi sahibkarlar sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyatdan keçmək üçün ərizə ilə idarəedici təşkilata müraciət edirlər. Sənaye məhəlləsinin yaradılması haqqında qərar qəbul edildikdən sonra, 5 il ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair heç bir müqavilə bağlanmadıqda və ya əvvəl bağlanmış müqavilələr qüvvədən düşdükdə sənaye məhəlləsi ləğv edilir.
Sənaye məhəlləsinin ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 ay sonra qüvvəyə minir. Sənaye məhəlləsinin ləğv edilməsi onun idarəedici təşkilatının ləğvinə səbəb olmur. Sənaye məhəlləsinin ləğv edilməsi onun iştirakçısı olmuş hüquqi şəxslərin və fərdi sahibkarların həmin ərazidə fəaliyyətlərini davam etdirmələrinə mane olmur.
Qeyd edək ki, Azərbaycan prezidentinin 2 fevral 2015-ci ildə Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam verib. Bu, Azərbaycanda yaradılacaq ilk sənaye məhəlləsidir. Gələcəkdə Bakıda və regionlarda belə sənaye məhəllələrinin yaradılması nəzərdə tutulur.