Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ay ümumi dəyəri 45 mlrd. dollar olan iki iri neft layihəsinin işə düşməsi barədə elan olunub. Bu, ucuz neft dövründə neft-qaz nəhənglərinin bu sahəyə tədricən inamının bərpa olunmasından xəbər verir.
"APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.
ABŞ-ın "Chevron" şirkəti bu həftə Qazaxıstanda ümumi dəyəri 37 mlrd. dollar olan neft layihələrinin işə salınması barədə qərar qəbul edib. Bu, neftin kəskin ucuzlaşması dövründə ən iri investisiya qərarıdır.
Bundan başqa, BP şirkəti İndoneziyadakı LNG zavodun gücünü artırmaq məqsədilə 8 mlrd. dollarlıq yatırım edəcək.
"Wood Mackenzie" və "Jefferies International" şirkətlərinin məlumatına görə, bu il daha iki iri layihənin işə salınması barədə qərar qəbul olunacaq. Belə ki, BP Meksika körfəzində "Mad Dog" yatağının işlənməsinin ikinci mərhələsinə iri yatırım edəcək. Bundan başqa, İtaliyanın "Eni" şirkəti Mozambikdə sıxılmış təbii qazın hasilatına ciddi xərc çəkəcək.
Beləliklə, ucuz neft dövründə investisiya aktivliyi bərpa olunur.
"Wood Mackenzie" şirkətinin analitiki Anqus Rocer bu il ərzində iri və orta layihələr üzrə 10 investisiya qərarının qəbul olunacağını proqnozlaşdırır. 2015-ci ildə bu tip qərarların sayı 10-dan az idi. Neftin kəskin ucuzlaşmasınadək il ərzində iri və orta layihələr üzrə təxminən 40 investisiya qərarı qəbul olunurdu.
Qeyd edək ki, "Chevron" Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 8,9%, Azəri-Çıraq-Günəşli (AÇQ) layihəsində isə 11,27% paya sahibdir. BP BTC-də 30,1%, AÇQ-də isə 35,78%-lik səhm paketinə malikdir və hər iki layihənin operatorudur. Bununla yanaşı, BP "Şahdəniz" (28,8% - operator), TANAP-da (12%), TAP (20%) kimi layihələrin də səhmdarıdır.