Bakı. Pərviz Nuriyev – APA-Economics. 22-24 mayda Rusiyanın Sankt-Peterburq şəhərində XVIII Beynəlxalq Peterburq İqtisadi Forumu keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müxtəlif ölkələrin 6 mindən çox siyasi və biznes dairələri nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Forum çərçivəsində Ş. Mustafayev Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə görüşüb.
Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.
Görüşdə ticarət-iqtisadi əməkdaşlığın, eləcə də ikitərəfli iqtisadi əlaqələrin inkişafı perspektivləri, həmçinin iqtisadi sahədə hüquq-müqavilə bazasının daha da genişləndirilməsi məqsədilə bir sıra sənəd layihələri - Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının sərgi-ticarət mərkəzinin yaradılması haqqında Saziş barədə müzakirələr aparılıb.
Bu sənədlərin növbəti yüksək səviyyəli səfərlər çərçivəsində imzalanması gözlənilir.