Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 31,2 mln. ton neft nəql edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artım müşahidə olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 23,6 mln. ton neft ötürülüb.
Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 3,6 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.
Bu ilin 8 ayı ərzində ölkənin magistral qaz kəmərləri ilə 14,4 mlrd. kubmetr və ya 9,6% çox qaz nəql edilib. Nəql edilmiş qazın 28,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4,1 mlrd. kubmetr qaz ötürülüb.