Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 45,8 mln. ton neft nəql edilib və 2013-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə 5,1 faiz artım müşahidə olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və ötən ilin yanvar-dekabr ayları ərzində bu kəmər vasitəsilə 34,6 mln. ton neft ötürülüb.
Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 5,6 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.
Ötən il ərzində ölkənin magistral qaz kəmərləri ilə 21,9 mlrd. kubmetr və ya 9,4% çox qaz nəql edilib. Nəql edilmiş qazın 29,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 6,5 mlrd. kubmetr qaz ötürülüb.