Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saat 08:30 radələrindən ölkənin şimal-qərb bölgəsi (Şəki, Qax, Zaqatala və Balakən) rayonlarına təbii qazın verilməsi dayanıb.
Zaqatala Qaz İstismarı Sahəsindən (QİS) APA-ya bildirilib ki, qazın verilməsində yaranan fasiləyə səbəb 530 mm-lik Yevlax-Balakən magistral qaz kəmərinin 68-ci kilometrliyində qaz sızmalarının aşkar edilməsidir. Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin əməkdaşları yuxarıda adı qeyd edilən ərazidə qaz sızmasının aradan qaldırılması istiqamətində təmir işlərinə başlayıb.
Təmir işləri yekunlaşandan sonra bölgəyə yenidən təbii qazın verilməsi bərpa ediləcək.