Bank Of Baku

Azərbaycanla İran ölkəmizin yeraltı qaz anbarlarından birgə istifadəsini ekspertlər səviyyəsində müzakirə edəcək

Azərbaycanla İran ölkəmizin yeraltı qaz anbarlarından birgə istifadəsini ekspertlər səviyyəsində müzakirə edəcək
# 06 avqust 2014 12:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Avqustun 5-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

ARDNŞ-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev Azərbaycanla İran arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib, Azərbaycan prezidenti İlham Əliyevin bu ilin aprel ayında İrana rəsmi səfərinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə yeni təkan verdiyini qeyd edib.

 

İran şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda səmərəli fəaliyyət göstərdiyini bildirən ARDNŞ-nin prezidenti iki qonşu ölkənin bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını ifadə edib.

 

M. Vaezi rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında və biznes forumunda iştirak edəcəyini bildirib.

 

O, “Şahdəniz” və Cənubi Qafqaz Qaz Boru Kəməri layihəsində İranın NİCO şirkətinə yaradılmış əlverişli fəaliyyət imkanları üçün ARDNŞ rəhbərliyinə təşəkkürünü bildirib, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əmin olduğunu nəzərə çatdırıb.

 

Ölkələrimiz arasında müxtəlif sahələrlə birlikdə enerji məsələləri istiqamətində də əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olması görüşdə qeyd edilib.

 

Azərbaycanın yeraltı qaz anbarlarından birgə istifadə olunması məsələsinin ekspertlər səviyyəsində müzakirə edilməsinin nəzərdə tutulduğu bildirilib.

                               

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR